Oskar mükafatlı aktrisa Halle Berri keçmiş həyat yoldaşı Olivye Martinezin 13 yaşlı oğulları Maseoya qarşı fiziki zorakılıq göstərməsi ilə bağlı ittihamlarını rədd etdi.
TMZ-nin məlumatına görə, Martinez sentyabrın 26-da baş verdiyini iddia etdiyi hadisə zamanı aktrisanın oğlunun üzərinə atılaraq boğazını sıxdığını bildirib. Keçmiş həyat yoldaşı bununla bağlı məhkəməyə müraciət edərək Berri barəsində müvəqqəti məhdudlaşdırıcı qərar çıxarılmasına nail olub.

Martinez məhkəməyə təqdim etdiyi sənədlərdə hadisədən dərhal sonra oğlunun çəkdiyi iddia olunan fotonu da sübut kimi göstərib. Onun sözlərinə görə, Maseo əvvəllər də zorakılığa məruz qaldığını bildirsə də, ona inanılmadığını düşünüb.
Halle Berri isə bütün ittihamları rədd edərək fotonun heç bir zorakılıq faktını təsdiqləmədiyini vurğulayıb.
Aktrisanın sözlərinə görə, görüntüdə o, oğlundan bir neçə metr aralıda, əlləri cibində, sakit vəziyyətdə dayanıb. Berri bildirib ki, fotoda uşağın bədənində xəsarət, qızartı, göyərmə və ya zorakılığa işarə edən hər hansı iz görünmür.
Tərəflər arasında fikir ayrılığı oğullarının məhkəmədə ifadə verməsi məsələsində də yaranıb.

Martinez Maseonun baş verənləri hakim qarşısında öz sözləri ilə danışmaq istədiyini bildirib.
Berri isə bunun uşağı valideynləri arasındakı münaqişənin mərkəzinə çəkəcəyini, onun psixoloji vəziyyətinə və hər iki valideynlə münasibətlərinə mənfi təsir göstərə biləcəyini əsas gətirərək oğlunun ifadə verməsinə etiraz edib.
Son məlumata görə, məhkəmə 13 yaşlı Maseonun ifadə verməsinə icazə verib. Lakin onun ifadəsi yalnız məhdudlaşdırıcı qərarın çıxarılması ilə bağlı məsələlərlə məhdudlaşacaq.
İş üzrə mübahisə davam edir. Aktrisanın oğluna zorakılıq göstərməsi ilə bağlı iddialar məhkəmədə sübuta yetirilməyib.

