Məşhur kinoprodüser Harvi Vaynşteyn həbsxanadan ilk müsahibəsini verib və ona qarşı irəli sürülən seksual zorakılıq ittihamlarını təkzib etməyə çalışıb. Bu barədə Hollywood Reporter məlumat yayıb.
Jurnalist Maer Roşanla söhbətində Vaynşteyn bildirib ki, həbs olunmasına səbəb olan əməlləri törətmədiyini düşünür. Bununla belə o, öz davranışlarının bəzilərinin əxlaqsız olduğunu etiraf edib.
“Hər iki həyat yoldaşıma xəyanət etmişəm. Bu, əxlaqsızdır. Amma mən heç kimə təcavüz etməmişəm. Bəzən qorxuducu və çətin insan ola bilərəm. Amma bu, seksual zorakılıq demək deyil. Həddindən artıq flört, axmaq vəziyyətlər – bəli. Amma mən heç kimi məcbur etməmişəm”, – deyə o bildirib.
Prodüser həmçinin qadınlara məxfilik müqavilələri imzalatdırdığını və onların üzərində nəzarət üçün şəxsi detektivlər tutduğunu təsdiqləyib. Onun sözlərinə görə, bu addımlar cinayətləri deyil, həyat yoldaşından gizlədilən xəyanətləri ört-basdır etmək üçün atılıb.
Bununla yanaşı, Vaynşteyn münasibətlərdə “hakimiyyət balanssızlığının” mövcud olduğunu da etiraf edib.
Xatırladaq ki, 2020-ci ilin fevralında Vaynşteyn onlarla qadının şikayəti əsasında 23 il həbs cəzasına məhkum edilmişdi. Ötən il bu hökm prosessual səhvlərə görə ləğv edilsə də, prodüser həbsdə qalmağa davam edir. Çünki bundan əvvəl o, başqa bir zorakılıq epizoduna görə əlavə 16 il həbs cəzası almışdı.

