İran, ABŞ və Livan münaqişənin tənzimlənməsinə nəzarət etmək üçün birgə bölmə yaradacaq. Məqsəd İsrail qoşunlarının tam çıxarılmasını və qaçqınların geri qayıtmasını təmin etməkdir. Bu barədə İran parlamentinin — Məclisin sədri Məhəmməd Baqir Qalibaf Livan parlamentinin sədri Nabih Berri ilə telefon danışığı zamanı bildirib.
Qalibafın sözlərini İRNA agentliyi yayıb. Onun sözlərinə görə, İsveçrədə keçirilən danışıqlarda əsas müzakirə mövzusu Livanda atəşkəsin təmin edilməsi və ölkənin ərazi bütövlüyünün qorunması olub.
“Bu, İran və ABŞ arasında əldə edilən İslamabad razılaşmasının birinci bəndinin ən mühüm hissəsidir. İran tərəfi İsrailin pozuntularını qeydə aldıqdan sonra İran, ABŞ və Livan arasında üçtərəfli nəzarət bölməsinin yaradılması barədə qərar qəbul edilib”, — deyə Qalibaf bildirib.
Məclis sədri əlavə edib ki, Tehran müharibənin dayandırılması, işğala son qoyulması və livanlı məcburi köçkünlərin öz evlərinə qayıtması məsələsində qəti mövqe tutur.
Livan parlamentinin sədri Nabih Berri isə İsrailin sülh prosesi çərçivəsindəki addımlarından ciddi narahatlıq ifadə edib. Onun sözlərinə görə, İsrail İslamabad razılaşmasında açıq şəkildə təsbit edilən Livanın ərazi bütövlüyü və suverenliyi prinsiplərindən yayınmağa çalışır.
Berri beynəlxalq ictimaiyyəti İsrail tərəfinə təzyiqləri artırmağa çağırıb.

