ABŞ-da Kentukki ştatının keçmiş qubernatoru Mett Bevin Milad filmi çəkilişləri zamanı polis tərəfindən saxlanılıb.
“People” jurnalının məlumatına görə, 59 yaşlı respublikaçı siyasətçi “The Greatest Christmas Gift” (“Ən yaxşı Milad hədiyyəsi”) filmində kiçik rol almalı idi. Lakin sentyabrın 3-də polis Kentukki ştatının Paris şəhərindəki çəkiliş meydançasına gələrək məhkəməyə hörmətsizlik ittihamı ilə Bevini həbs edib.
Məlum olub ki, keçmiş qubernator övladlığa götürdüyü oğlu Conaya aliment ödənilməsi ilə bağlı məhkəmə iclasına gəlməyib. Gənc Bevin və keçmiş həyat yoldaşı Qlennaya qarşı məhkəməyə müraciət edərək onların fiziki və psixoloji zorakılığına məruz qaldığını iddia edib.

Bevin daha əvvəl də məhkəmə iclaslarından birinə qatılmadığı üçün onun barəsində həbs qərarı çıxarılmışdı. İyulun 28-də keçirilən növbəti iclasa da gəlməyən siyasətçinin yeri isə sosial şəbəkədə film çəkilişindən foto paylaşmasından sonra müəyyən edilib.
Sentyabrın 4-də məhkəmə Bevini məhkəməyə hörmətsizliyə görə iki ay müddətinə həbs cəzasına məhkum edib. Yaxşı davranış nümayiş etdirəcəyi halda onun bir aydan sonra azadlığa çıxa biləcəyi bildirilir.
Mett Bevin 2015–2019-cu illərdə Kentukki ştatının qubernatoru olub və Donald Trampı dəstəkləyən respublikaçı siyasətçilərdən biri kimi tanınıb.

