İsti və çirkab suların yaratdığı üfunət bir yandan, antisanitar vəziyyət isə digər tərəfdən insanların həyatını əməlli-başlı cəhənnəmə çevirib.
Görüntülər Abşeron rayonu Novxanı bağlar massivi Mübariz İbrahimov 1 ünvanındakı Samur Abşeron kanalından axan suların yaratdığı acınacaqlı vəziyyətdəndir.
Sakinlər iddia edirlər ki, Samur-Abşeron kanalından axan suların evlərə dolması buradakı insanların rahat yaşamasına imkan vermir. İnsanlar nə mənzillərində otura, nə də ki, palçıqlı yollarda rahat hərəkət edə bilir. Çirkab suların yaratdığı antisanitar vəziyyətin xəstəlik mənbəyi olması isə burada yaşayan sakinlər üçün bir ayrı dərdə çevrilib. Sakinlərlə söhbət zamanı o da iddia edildi ki, 2019-cu ildə kanalın təmiri üçün dövlət tərəfindən 2 milyon manatdan çox vəsait ayrılıb. Lakin görünən odur ki, bu vəsait kanalın təmirinə xərclənməyib. Əks halda insanların evləri su altında qalmaz və bu cür problem ortaya çıxmazdı.
Denaz.tv-nin sözügedən ünvanda çəkiliş apardığından xəbər tutan Abşeron rayon suvarma sistemləri idarəsinin rəisi Yusif Əsgərov da əraziyə gəldi. Burada özünə haqq qazandırmağa çalışan və problemin kökünü başqa istiqamətə yönəltmək istəyən idarə rəisi ilə sakinlər arasında mübahisə də yarandı. Yusif Əsgərov sakinlərin şikayətinə belə aydınlıq gətirməyə çalışdı.
Sözügedən qurumdan o da bildirildi ki, vətəndaşların haqlı narazılığını aradan qaldırmaq üçün əraziyə mütəxəsislərin cəlb olunması təmin ediləcək.
Den.az