Sumqayıt şəhərində sahibkarların və fiziki şəxslərin bələdiyyəyə ödəməli olduqları vergi öhdəlikləri qanunvericiliklə müəyyən edilib.
Den.az xəbər verir ki, Vergi Məcəlləsinə əsasən, fiziki şəxslər bələdiyyə vergiləri üzrə ödəniş etməyə borcludurlar. Bu barədə Sumqayıt Bələdiyyəsinin hüquq şöbəsinin müdiri Nizami Salamov məlumat verib.
Onun sözlərinə görə, fiziki şəxslər şəxsi mülkiyyətlərində olan yaşayış və qeyri-yaşayış binalarına görə, sahibkarlar isə fəaliyyət göstərdikləri obyektlər üzrə bələdiyyə vergisi ödəməlidirlər.
Bələdiyyə torpaq vergisi isə əhatə etdiyi sahədən asılı olaraq dəyişir. Belə ki:
1 hektara qədər olan torpaqlara görə 8 qəpik,
1 hektardan artıq olan sahələrə görə isə 16 qəpik məbləğində vergi tutulur.
Bu vergi sadəcə torpaq mülkiyyətçilərinə deyil, həmçinin icarəçilərə və istifadəçilərə də şamil olunur. Yəni, torpaq sahəsindən faydalanan istənilən şəxs – istər sahibkar, istər vətəndaş – qanunla nəzərdə tutulmuş qaydada bələdiyyəyə vergi ödəməlidir.
Nizami Salamov həmçinin qeyd edib ki, bəzən vətəndaşlar bu vergi öhdəliklərindən xəbərsiz olur. Məhz bu səbəbdən bələdiyyə tərəfindən mütəmadi olaraq xüsusi bildirişlər hazırlanaraq vətəndaşlara təqdim olunur. Lakin bu bildirişlər hər zaman birmənalı qarşılanmır.
“Vətəndaşlar düşünür ki, əgər mülkiyyətdəki əmlakdan gəlir əldə etmirlərsə, vergi də verməməlidirlər. Halbuki qanunvericilikdə bu cür hallar nəzərə alınmadan mülkiyyət faktı əsas götürülür. Bəzi vətəndaşlar bu bildirişləri qəbul etməyərək narazılıq bildirirlər. Amma hər bir şəxsin qanuni vergi öhdəliyi var”, – deyə o bildirib.
Mütəxəssislər bildirirlər ki, bələdiyyə vergilərinin vaxtında ödənilməməsi hallarında borclar yığılıb cərimə və məhkəmə prosesləri ilə nəticələnə bilər. Bu, həm vətəndaş üçün əlavə maliyyə yükü, həm də hüquqi məsuliyyət daşıyır.
Bu baxımdan bələdiyyə ödənişləri ilə bağlı ictimai maarifləndirmə tədbirlərinin gücləndirilməsi vacib hesab olunur. Yerli icra strukturlarının, bələdiyyələrin və media qurumlarının bu məsələdə birgə fəaliyyəti vətəndaşların məlumatlılığını artırmaqla yanaşı, sosial gərginliyi də azalda bilər.
Xüsusiylə vurğulayaq ki, Sumqayıt şəhərində son illər aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri diqqət mərkəzindədir. Şəhərin simasını dəyişən bu layihələr Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən uğurla icra olunur.
Bununla yanaşı, Sumqayıt Bələdiyyəsi də həyata keçirilən quruculuq işlərində öz töhfəsini yüksək səviyyədə verməkdədir. Yaşayış massivlərindəki memarlıq formalarının yenilənməsi, məhəllədaxili yolların təmiri və əhalinin maarifləndirilməsi istiqamətində atılan addımlar bələdiyyənin işinin mühüm hissəsini təşkil edir.
Sumqayıt Bələdiyyəsi bir daha vətəndaşlara və sahibkarlara çağırış edir: şəxsi və ya istifadə etdiyiniz əmlak və torpaq sahələrinə görə vergi öhdəliklərinizi vaxtında yerinə yetirin. Bu, təkcə hüquqi məsuliyyət deyil, həm də şəhərimizin abadlığı və gələcək inkişafı üçün bir vətəndaşlıq borcudur.