Rusiya ordusunun Ukraynanın Dnipro, Çerniqov və Kremençuk şəhərlərinə həyata keçirdiyi hücumlar nəticəsində 19 nəfər həyatını itirib, 56 nəfər yaralanıb. Ölənlər və yaralananlar arasında uşaqlar da var.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, oktyabrın 29-da Rusiya ordusuna məxsus pilotsuz uçuş aparatı Dnipro şəhərinin əsas dəmir yolu stansiyasını hədəfə alıb. Hücum zamanı stansiyada şəhərətrafı və sərnişin qatarları dayanıb, platformada çox sayda insan olub.
Dnipro–Zaporojye istiqamətində hərəkət edən qatarı gözləyən sərnişinlərin olduğu platformaya zərbə endirilib. İlkin məlumatlarda 13 nəfərin öldüyü bildirilsə də, sonradan bu rəqəm 14-ə yüksəlib.
Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb, dəmir yolu infrastrukturuna ciddi ziyan dəyib.
Rusiyanın hücumuna məruz qalan digər şəhər Çerniqov olub. Şəhərin mərkəzi hissəsinə endirilən zərbə nəticəsində 15 yaşlı iki qız – Yana və Mariya həyatını itirib. Hücum zamanı yaşayış binaları, mağazalar və avtomobillər də zədələnib.
Kremençuk şəhərində isə pilotsuz uçuş aparatı yaşayış binasına düşüb. Nəticədə 3 nəfər ölüb. Hücum zamanı ətrafdakı yaşayış binalarına və məktəbə də ziyan dəyib.
Zelenskinin açıqlamasına görə, üç şəhərə endirilən zərbələr nəticəsində ümumilikdə 56 nəfər, o cümlədən 10 uşaq yaralanıb.
Ukrayna Prezidenti hadisələrə münasibət bildirərək mülki əhalinin, yaşayış məntəqələrinin və nəqliyyat infrastrukturunun hədəfə alındığını vurğulayıb.
O, həlak olanların ailələrinə başsağlığı verib və Rusiyaya qarşı beynəlxalq təzyiqin artırılmasının vacibliyini bildirib.
Hücumların baş verdiyi ərazilərdə dağıntıların aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi istiqamətində işlər aparılıb.






