Böyük Britaniyada hamilə həyat yoldaşını öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilən Məhəmməd Tausif Mümtaz azadlığa buraxılıb.
“Daily Mail” nəşrinin məlumatına görə, dəhşətli hadisə 8 iyul 2009-cu ildə baş verib. Həmin gün Məhəmməd və ailə üzvləri 21 yaşlı hamilə Nailə Mümtaza içərisinə cin girdiyini düşünərək hücum ediblər.
Kişi polisə ifadəsində həyat yoldaşının özünü cin tərəfindən idarə olunan insan kimi apardığını iddia edib. Onun sözlərinə görə, Nailə guya cinin təsiri altında əlini ağzına salıb və nəfəsi kəsilib.
Lakin məhkəmə-tibbi ekspertizası qadının özünə ölümcül xəsarətlər yetirməsinin mümkün olmadığını müəyyən edib.
Məhkəmə qadının ölümünə səbəb olan hücumda Məhəmmədi və ailə üzvlərini təqsirli bilib. Məhəmməd və onun qayını vaxtından əvvəl azadlığa çıxmaq imkanı nəzərdə tutulan ömürlük həbsə, kişinin valideynləri isə 15 il həbsə məhkum ediliblər.
Ötən il şərti azadlığa buraxılma məsələlərinə baxan komissiya Məhəmmədin həbsdən azad edilməsini tövsiyə edib. Hazırda o, azadlıqdadır.
Məlumata görə, Nailə 2008-ci ildə ailələrin razılığı ilə baş tutan nikahdan sonra Pakistandan Böyük Britaniyaya köçüb. İngilis dilini zəif bilən gənc qadın qohumlarından təcrid olunmuş vəziyyətdə yaşayıb və ilk övladını dünyaya gətirməyə hazırlaşırmış.
Ailəsi Nailəni “xoşbəxt, özünə güvənən və gözəl” qadın kimi xatırlayaraq onun ana olacağı günü böyük səbirsizliklə gözlədiyini bildirib.

