Sumqayıtla-Abşeronu birləşdirən Saray körpüsündə yenidənqurma və genişləndirmə işləri sürətlə davam edir. Layihənin məqsədi körpü ətrafında nəqliyyat sıxlığını azaltmaq, hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər üçün daha rahat keçidi mümkün etməkdir.
Den.az xəbər verir ki, hazırda körpü ətrafında yolun genişləndirilməsi və infrastrukturun körpüyə uyğunlaşdırılması istiqamətində fəal iş gedir. Əraziyə müxtəlif təyinatlı ağır texnikalar cəlb olunub. Yolun bəzi hissələrində köhnə asfalt örtüyü sökülüb,qazıntı işləri aparılır. Bu işlər çərçivəsində yol kənarlarında istinad divarlarının möhkəmləndirilməsi, yağış sularının axıdılması üçün drenaj sistemlərinin qurulması da nəzərdə tutulub.
Hazırda aparılan işlər səbəbilə Saray körpüsünə giriş və çıxış yollarında avtomobil sıxlığı müşahidə olunur. Xüsusilə səhər və axşam pik saatlarında bu əraziyə daxil olan sürücülər tıxac səbəbilə çətinliklə üzləşirlər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, “Körpüyə gələn yolların genişləndirilməsi nəzərdə tutulub. Sürücülər üçün bu narahatlıq müvəqqətidir. Yolun genişləndirilməsi və infrastrukturun yenilənməsi işləri tamamlandıqdan sonra ərazidə nəqliyyatın hərəkəti xeyli rahatlaşacaq. Bu isə həm sürücülər, həm də ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün böyük üstünlüklər yaradacaq.
Xatırladaq ki, Sumqayıtı Abşeronla birləşdirən Məhəmməd Əsədov küçəsində – dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün inşasına ötən ilin dekabr ayında başlanılıb və tikinti işləri martda yekunlaşdırılıb. 3 aşırımdan ibarət olan körpü, 4 hərəkət zolağından ibarətdir. Körpü 104 metr uzunluğunda və 21,6 metr enində inşa olunub. Həmçinin körpünün sağ və sol hissələrində piyada səkiləri də tikilib.