🔴 Son Dəqiqə: Saray Körpüsü Yenidən Bağlandı – Genişləndirmə və İşıqlandırma İşləri Başlayır...
Bu gün səhər saatlarından etibarən Sumqayıt istiqamətində yerləşən Saray qəsəbəsi üzərindən keçən avtomobil körpüsü yenidən tam şəkildə bağlanıb.
“Den.az” xəbər verir ki, sürücülər tərəfindən bildirildiyinə görə, ərazidə nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Məlumata görə, bu dəfə körpüdə genişləndirmə işləri və müasir işıqlandırma sisteminin qurulması nəzərdə tutulur. Ərazidə artıq texnika və işçi qüvvəsi cəlb edilib, hazırlıq işlərinə başlanılıb.
Piyadalar üçün təhlükəsiz keçid hissələrinin yaradılması həyata keçiriləcək.
Yol bağlandığı üçün Sumqayıt–Bakı magistralında və ətraf kəndlərə doğru hərəkət edən sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur. Hal-hazırda Hacıbaba, Salayev və Alı küçələri istiqamətində hərəkət mümkün hesab olunur.
Dövlət Yol Polisi əməkdaşları ərazidə nəqliyyatın yönləndirilməsi üçün növbə çəkir və sürücülərdən səbirli olmaları, həmçinin əraziyə yaxınlaşarkən ehtiyatlı davranmaları xahiş olunur.
Bəzi sakinlər körpünün tez-tez bağlanmasından narazılıq etsə də, əksəriyyət təhlükəsiz və müasir bir infrastrukturun yaradılmasını müsbət addım kimi qiymətləndirir. Sürücülər isə əsasən öncədən xəbərdarlıq olunmamasından və alternativ yolların yüklənməsindən şikayət edirlər.
Ellada Rəsul