Abşeron rayonunun Ceyranbatan qəsəbəsində sakinlərin səbr kasası daşmaq üzrədir.
DenMedia.az-a müraciət edən sakinlərin sözlərinə görə ,hər axşam eyni mənzərə təkrarlanır.
Belə ki, Araz marketin yaxınlığından keçən yol tamamilə iflic olur. Əsas səbəb isə qanunu tanımayan bəzi taksi sürücülərinin məsuliyyətsiz davranışlarıdır.
Yol nişanlarını kobud şəkildə pozan sürücülər əks istiqamətdə dayanaraq nəqliyyat axınının normal hərəkətini əngəlləyir, piyadaların həyatını təhlükəyə atırlar. Çəkiliş zamanı da bu mənzərə dəfələrlə müşahidə edilib – sanki hər kəs üçün qaydaları özləri müəyyənləşdirirlər.
Ən narahatedici məqam isə odur ki, gündüz saatlarında təhlükəsizlik kameralarından ehtiyat edən sürücülər, gecə düşən kimi kameraların görmə bucağından kənarda dayanaraq qanunsuzluğa davam edirlər. Bu, açıq-aşkar dövlət qanunlarına meydan oxumaq deməkdir.
Sakinlərin dəfələrlə etdiyi şikayətlər isə cavabsız qalır. Nəticədə, axşam saatlarında, xüsusilə də pik vaxtlarda yaranan tıxac yüzlərlə sürücünün əsəblərini tarıma çəkir, piyadaların hərəkətini iflic edir. Dayanma-durma qadağası qoyulmasına baxmayaraq, sürücülərin istədikləri yerdə dayanması vəziyyəti daha da dözülməz edir.
Ətrafda yaşayan insanlar haqlı olaraq Daxili İşlər Nazirliyindən tələb edirlər ki, bu qanunsuzluğa son qoyulsun. Çünki hər gün təkrar olunan bu xaos artıq sadəcə narahatlıq yox, ictimai təhlükə mənbəyinə çevrilib.
Ellada Rəsul
DenMedia.az