Türkiyənin əfsanəvi aktyoru Kadir İnanırın vəsiyyətnaməsi ətrafında yaranan qalmaqala onun uzunillik həyat yoldaşı Jülide Kural münasibət bildirdi.
İnanırın 2022-ci ildə hazırladığı vəsiyyətnamə ilə əmlakını, müəlliflik və adından istifadə hüquqlarını Kurala buraxması ailəsində narazılığa səbəb oldu.
T24-ə danışan Kural aktyorun böyük sərvətə sahib olması barədə iddiaları rədd etdi.

“Kadir İnanırın əmlakı birlikdə yaşadığımız evdən, üç köhnə avtomobildən və bankdakı müəyyən məbləğdə puldan ibarətdir. 25 Rolex saatı olması barədə iddialar tamamilə uydurmadır”, – deyə o bildirdi.
Kural aktyorla evlənmək istəməyən tərəfin özü olduğunu, münasibətlərinin hüquqi statusa deyil, sevgi və etibara əsaslandığını vurğuladı.
Haqqında yayılan iddialarla bağlı məhkəməyə müraciət edəcəyini açıqlayan Kural İnanıra həsrətini də dilə gətirdi: “Ah Kadir, sən gedəndən bəri dünya çox pisdir...”
Aktyorun qardaşı oğlu Levent İnanır isə vəsiyyətnamənin hazırlandığı dövrdə səhhətindəki problemlərin onun qərarına təsir etmiş ola biləcəyini iddia edərək hüquqi addımlar atacaqlarını bildirdi.

