Azərbaycan oftalmologiyasının layiqli nümayəndələrindən biri – Respublika Klinik Xəstəxanasının oftalmologiya şöbəsinin müdiri, tanınmış göz cərrahı Leyla Tahir qızı Babayeva peşəkarlıq yolu və elmi davamlılıq nümayiş etdirir.
Leyla Babayeva 2000–2006-cı illərdə Həştərxan Dövlət Tibb Akademiyasında təhsil alaraq oranı qırmızı diplomla bitirib. Sonrakı illərdə akademik Zərifə Əliyevanın adını daşıyan Elmi-Tədqiqat Göz İnstitutunda internatura keçməsi onun peşəkar formalaşmasında mühüm mərhələ olub. Müxtəlif illərdə zədə şöbəsində, Mərkəzi Hərbi Hospitalda və Xəzər Qayğıkeşlik Layihəsi Klinikasında çalışaraq zəngin klinik təcrübə qazanıb.
2019-cu ildən etibarən Respublika Klinik Xəstəxanasının oftalmologiya şöbəsinə rəhbərlik edən Leyla Babayeva bu vəzifədə qısa müddətdə ciddi yeniliklərə və inkişaf mərhələsinə imza atıb. Şöbədə müasir diaqnostika və müalicə üsullarının tətbiqi, beynəlxalq standartlara uyğun xidmət və vətəndaş məmnunluğu açıq şəkildə hiss olunur.
Qlaukoma, makula degenerasiyası, tor qişanın qopması kimi ağır və təhlükəli göz xəstəliklərinin erkən diaqnostikası və effektiv müalicəsi bu gün Leyla Babayevanın rəhbərlik etdiyi şöbənin əsas fəaliyyət istiqamətlərindəndir. Xüsusilə qeyd edilməlidir ki, bu xəstəliklər vaxtında aşkarlanmadıqda daimi görmə itkisi ilə nəticələnə bilər. Məhz müasir texnologiyalar, OKT müayinələri və cərrahi müdaxilələr sayəsində yüzlərlə insanın görməsi xilas edilib.
Leyla Babayeva yalnız mövcud biliklərlə kifayətlənməyən, daim yenilikləri izləyən, Hindistanda və digər ölkələrdə keçirilən ixtisasartırma kurslarında iştirak edən, Azərbaycanı beynəlxalq konfranslarda layiqincə təmsil edən həkimlərdəndir. O, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin və Türk Oftalmoloji Dərnəyinin üzvüdür.
44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı illərdə Leyla Babayeva şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşaraq onlara yorulmadan tibbi xidmət göstərib. Bu gün də həmin humanist missiyanı davam etdirir.
Leyla Babayeva bu gün Azərbaycanda oftalmologiya sahəsində peşəkarlığın, fədakarlığın və insanpərvərliyin simvollarından biri kimi tanınır. Onun şəfalı əlləri, dəqiq diaqnostik yanaşması və yüksək cərrahi bacarığı yüzlərlə insana yenidən dünyanı görmək sevinci bəxş edib.



