DİN-in Baş Dövlət Yol Polisi İdarəsi “Son zəng” günü ilə əlaqədar məzunlara, valideynlərə və avtomobil icarəsi ilə məşğul olan şəxslərə müraciət edib.
İdarədən bildirilib ki, əvvəlki illərin təhlili bəzi məzunların “Son zəng” günü valideynlərinə, qohumlarına və ya digər şəxslərə məxsus avtomobilləri idarə etməyə cəhd etdiyini göstərir. Bəzi hallarda isə onlara bu şərait yaradılır. BDYPİ xəbərdarlıq edir ki, belə məsuliyyətsiz davranışlar ağır yol-nəqliyyat hadisələrinə, insan itkisinə və faciəli nəticələrə səbəb ola bilər.
Qurum xatırladıb ki, sürücülük hüququ olmadan avtomobil idarə etmək, eləcə də nəqliyyat vasitəsini sürücülük hüququ olmayan şəxsə vermək qanunla qadağandır. Bu cür hallar yalnız qanun pozuntusu deyil, həm də insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.
Müraciətdə skuterlər, mopedlər və motosikletlərlə bağlı da xəbərdarlıq edilib. Bildirilib ki, skuterlərin idarə olunması üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddi, moped və motosikletlər üçün isə müvafiq sürücülük hüququ tələb olunur. Bu nəqliyyat vasitələrindən təhlükəli və nümayiş xarakterli hərəkətlər üçün istifadə edilməsi ağır qəzalara yol aça bilər.
BDYPİ valideynləri övladları üzərində nəzarəti gücləndirməyə çağırıb. Qeyd olunub ki, “Son zəng” günündə diqqətsizlik və səhlənkarlıq sonradan ağır peşmançılıq doğuran, bəzən isə geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.
Eyni zamanda avtomobil icarəsi ilə məşğul olan fiziki və hüquqi şəxslərə də xəbərdarlıq edilib. Onlardan nəqliyyat vasitələrini sürücülük hüququ olmayan şəxslərə təqdim etməmək və qanunvericiliyin tələblərinə ciddi əməl etmək tələb olunub.
Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, “Son zəng” tədbirləri ilə əlaqədar məktəblərin yerləşdiyi ərazilərdə, məzunların daha çox toplaşdığı məkanlarda və hərəkətin intensiv olduğu istiqamətlərdə xidmət gücləndirilmiş rejimdə təşkil ediləcək.
Yol hərəkəti iştirakçılarından polis əməkdaşlarının qanuni tələblərinə əməl etmək, hərəkətin təşkilinə mane olan davranışlardan çəkinmək və təhlükəsizlik tədbirlərinə anlayışla yanaşmaq xahiş olunur.
BDYPİ məzunlara müraciətində bildirib ki, “Son zəng” həyatın ən yaddaqalan günlərindən biridir və bu günün sevincinin kədərə çevrilməməsi ilk növbədə məsuliyyətli davranışdan asılıdır.

