Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və onun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
İclasda Azərbaycan Baş nazirinin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov maliyyə kəşfiyyatı bölmələrinin Eqmont Qrupunun 32-ci plenar iclasına hazırlığın vacibliyini vurğulayıb. Qeyd edilib ki, həmin iclasın 2026-cı il iyulun 5-10-da Bakıda keçirilməsi planlaşdırılır.
Toplantıda Azərbaycan Maliyyə Monitorinqi Xidməti tərəfindən hazırlanmış 2023-2024-cü illər üzrə səmərəliliyin özünüqiymətləndirmə hesabatından irəli gələn tövsiyələrin icrası çərçivəsində müvafiq dövlət qurumları tərəfindən görülən işlər barədə Koordinasiya Şurası üzvlərinin məlumatları dinlənilib və müzakirə olunub.
Bundan başqa, Koordinasiya Şurası “Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkə risklərinin qiymətləndirilməsi” adlı hesabatı təsdiqləyib.
İclas iştirakçıları Şuranın fəaliyyəti ilə bağlı digər məsələləri də nəzərdən keçiriblər.

