65 yaşına çatmış həkimlərə regionlarda işləməyə davam etmək imkanı yaradılacaq.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında “Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib, DenMedia.az apa-ya istinadən bildirir.
Onun sözlərinə görə, hazırda ölkədə həkim çatışmazlığı problemi mövcuddur. Xüsusilə regionlarda tibbi kadrların azlığı məsələsi dəfələrlə gündəmə gətirilib və müzakirə olunub.
Əhliman Əmiraslanov qeyd edib ki, bu məsələ ilə bağlı həm geniş dinləmələr, həm də aidiyyəti qurumların iştirakı ilə qapalı formatda görüşlər keçirilib.
Komitə sədri bildirib ki, aparılan islahatların yaxın dövrdə nəticə verəcəyinə inanır.
Onun sözlərinə görə, bundan sonra Tibb Universitetinin rezidentura keçməyən məzunları Həkimləri Təkmilləşdirmə İnstitutu vasitəsilə regionlara yönləndiriləcək.
Əhliman Əmiraslanov əlavə edib ki, digər problem 65 yaşına çatmış həkimlərin pensiyaya çıxması ilə bağlıdır.
“Bu məsələ hazırda nəzərdən keçirilir. 65 yaşı tamam olmuş həkimlərə regionlarda peşə fəaliyyətini davam etdirmək imkanı yaradılacaq. Bu istiqamətdə ciddi iş aparılır”, — deyə komitə sədri bildirib.

