Britaniya xüsusi xidmət orqanları arasında koordinasiya və informasiya mübadiləsində ciddi problemlər mövcuddur.
DenMedia.az xəbər verir ki, bu barədə The Times qəzeti hökumətin daxili hesabatına istinadla yazır.
Hesabat 2023-cü ildə sabiq baş nazir müşaviri Nik Timoti tərəfindən hazırlanıb, lakin onun dərc olunması təxminən iki il gecikib.
Sənəddə qeyd olunur ki, əks-kəşfiyyat xidməti MI5, xarici kəşfiyyat orqanı MI6 və radioelektron kəşfiyyata cavabdeh Hökumət Rabitə Mərkəzi (GCHQ) arasında “aşağı səviyyəli əməkdaşlıq” və “parçalanmış hesabat sistemi” müşahidə olunur.
Mənbələrin bildirdiyinə görə, idarələrarası ziddiyyətlər tez-tez işin dalana dirənməsinə gətirib çıxarır.
“Əgər baş nazir tərəzini bir istiqamətə əyməsə, vəziyyət tam iflic olacaq. Bu, sadəcə kabusdur,” – deyə hesabatla tanış olan mənbə bildirib.
Nümunə kimi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) terror təşkilatı kimi tanınması məsələsində yaranan fikir ayrılığı göstərilib:
-
MI5 bu addımı dəstəkləyib,
-
MI6 isə mümkün diplomatik fəsadlardan ehtiyatlanaraq etiraz edib.
Nəticədə, xarici kəşfiyyatın mövqeyi üstün gəlib.
Hesabat müəllifləri MI5, MI6 və GCHQ arasında əlaqələndirici rol oynayacaq xüsusi təhlükəsizlik naziri vəzifəsinin yaradılmasını təklif ediblər.
Bundan əlavə, London polisinin milli təhlükəsizlik səlahiyyətlərinin Milli Cinayətkarlıq Agentliyinə (NCA) verilməsi də irəli sürülüb.

