Çexiya Ukraynanın maliyyələşdirilməsi ilə bağlı hər hansı zəmanət götürməyəcək və bu məqsədlə vəsait ayırmayacaq.
Bu barədə ölkənin baş naziri Andrey Babiş X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Avropa Komissiyası bu məsələ üçün başqa çıxış yolları tapmalıdır, çünki “kassada pul yoxdur” və mövcud vəsait Çexiya vətəndaşlarına lazımdır.
“Başqa dövlətlər üçün pulumuz yoxdur. Bu məsələni Avropa İttifaqı başqa cür həll etməlidir. Biz heç nəyə zəmanət verməyəcəyik və ora pul göndərməyəcəyik”, – deyə Babiş bildirib.
9 dekabrda vəzifəyə başlayan yeni baş nazir Brüsselə səfəri zamanı bu mövzunu belçikalı həmkarı ilə müzakirə etdiyini də açıqlayıb. Onun sözlərinə görə, tərəflər Kiyev üçün alternativ maliyyə mənbələrinin tapılmasının vacibliyi barədə razılığa gəliblər.

