Türkiyənin Adana və Malatya vilayətləri üzərində parlaq işıq saçan obyekt avtomobillərin videoqeydiyyat kameraları tərəfindən qeydə alınıb.
NTV telekanalının məlumatına görə, hadisənin meteorun atmosferdən keçidi olduğu ehtimal edilir.
Bildirilib ki, dünən axşam saatlarında Adana və Malatya səmasında bir neçə saniyə ərzində güclü işıq parıltısı müşahidə olunub. Həmin an yollarda hərəkətdə olan sürücülər işıqlı obyektin səmada hərəkət etdiyini və üfüqə doğru alçaldıqdan sonra yoxa çıxdığını videoregistratorlarla lentə alıblar.
Telekanalın məlumatında qeyd olunur ki, görüntülər hər iki bölgənin müxtəlif nöqtələrində çəkilib. Obyektin təbiəti ilə bağlı rəsmi açıqlama verilməsə də, ilkin ehtimallara görə, o Yer atmosferinə daxil olarkən yanaraq parçalanmış ola bilər.

