Cənubi Koreyada birinci instansiya məhkəməsi respublikanın sabiq birinci xanımı Kim Gon Hini korrupsiya işi üzrə 20 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Məhkəmə iclasının canlı yayımı YTN telekanalı tərəfindən aparılıb.
Bildirilir ki, ona qarşı irəli sürülmüş üç ittihamdan yalnız ikisi üzrə təqsirli bilinib. Söhbət Birləşmə Kilsəsindən ümumi dəyəri 80 milyon von (təxminən 56 min ABŞ dolları) olan bahalı hədiyyələrin qəbul edilməsindən gedir. Qərardan apellyasiya şikayəti vermək mümkündür.
Digər ittihamlar qiymətli kağızların dəyərinin manipulyasiyası və siyasi kampaniyaların maliyyələşdirilməsi qaydalarının pozulması ilə bağlı şübhələrə əsaslanıb.
Qeyd edək ki, Kim Gon Hinin həyat yoldaşı, Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol də hazırda həbsdədir. O, ötən ilin dekabrında ölkədə hərbi vəziyyət elan edib və qərarını “Şimali Koreyaya meylli qüvvələri kökündən təmizləmək və azad konstitusion quruluşu qorumaq” zərurəti ilə izah edib. Bir neçə saat sonra parlament bu rejimin ləğvinə səs verib.
Bundan sonra Yun Sok Yol vəzifəsindən uzaqlaşdırılıb və silahlı qiyama cəhd ittihamı ilə məsuliyyətə cəlb olunub.

