Cənubi Koreyanın xüsusi prokuroru Seulun Mərkəzi Dairə Məhkəməsində keçirilən iclasda ölkənin keçmiş prezidenti Yun Sok Yolun ədalət mühakiməsinə mane olmaq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
İttiham tərəfinin versiyasına görə, Yun Sok Yol 2025-ci ilin yanvarında istintaq orqanlarının onu həbs etməsinə mane olmağa cəhd göstərib. Prokurorların iddiasına əsasən, keçmiş dövlət başçısı prezident iqamətgahının ərazisində barrikada quraraq hüquq-mühafizə orqanlarının hərəkətlərini bloklayıb.
Bundan əlavə, Yun Sok Yola doqquz nazirin hüquqlarını pozmaq ittihamı da irəli sürülüb. Belə ki, həmin nazirlər hərbi vəziyyətin tətbiqi planının müzakirə edildiyi iclasa dəvət edilməyiblər.
İttiham tərəfinin mövqeyi yekun məhkəmə iclasında səsləndirilib. Bu proses 2024-cü ilin dekabrında hərbi vəziyyətin tətbiqi ilə bağlı keçmiş prezidentə qarşı açılmış dörd cinayət işindən birincisidir.
Hazırda cəzaçəkmə müəssisəsində saxlanılan Yun Sok Yol bütün ittihamları qəti şəkildə rədd edir. Məhkəmənin hökmü təxminən 16 yanvar tarixində elan olunacaq.

