Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya–Ukrayna müharibəsinin 4-cü ildönümü münasibətilə sosial media hesabında videomüraciət yayıb. O, müharibənin başladığı ilk saatlarda yaşananları xatırladaraq, Kiyevdə Prezident Administrasiyasının binasındakı sığınacaqdan dünya liderləri ilə apardığı telefon və onlayn danışıqlardan danışıb.
Zelenski bildirib ki, həmin sığınacaqda o vaxtkı ABŞ Prezidenti Co Baydenlə də əlaqə saxlayıb. Onun sözlərinə görə, Bayden təhlükənin real olduğunu deyərək Ukraynanı təcili tərk etməyi təklif edib və kömək göstərməyə hazır olduqlarını bildirib. Zelenski isə buna cavab olaraq:
“Mənə taksi yox, silah lazımdır.”
deyib.
Zelenski əlavə edib ki, bir gün ABŞ Prezidentinin həmin sığınacağı ziyarət etməsini istərdi. Onun fikrincə, Ukraynanı yerində görmədən və xalqın yaşadığı ağrını hiss etmədən bu müharibənin mahiyyətini tam anlamaq mümkün deyil.
O vurğulayıb ki, müharibənin ilk dəqiqələrindən etibarən hamı qorxu və şok içində olsa da, hər kəs başqa bir Ukraynanın olmadığını anlayırdı:
“Bura bizim evimiz idi və hamımız nə etməli olduğumuzu başa düşürdük.”
Zelenski müharibəni Rusiya Prezidenti Vladimir Putinin başlatdığını deyib və Rusiyaya beynəlxalq təzyiqlərin artırılmasının zəruri olduğunu bildirib. O, müharibənin ilk günlərində bəzi ölkə liderlərinin Kiyevə gəldiyini xatırladaraq, Ukraynanın həqiqi dostlarının kim olduğunu həmin vaxt gördüklərini qeyd edib.
Prezident bildirib ki, Rusiya ordusu ölkəyə qarşı intensiv hava hücumlarını davam etdirir. Onun sözlərinə görə, Rusiya Ukraynanı cəbhədə məğlub edə bilmədiyi üçün yaşayış binalarını və enerji infrastrukturunu hədəfə alır. Zelenski qeyd edib ki, ukraynalılar tarixlərinin ən ağır qışını yaşayırlar.
O, həmçinin müharibənin dayandırılması üçün Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların davam etdiyini vurğulayıb:
“Biz sülh istəyirik. Güclü, ləyaqətli və davamlı sülh istəyirik.”
Zelenski bildirib ki, hər yeni danışıqlar mərhələsindən əvvəl nümayəndə heyətinə real təhlükəsizlik təminatları uğrunda mübarizə aparmaq tapşırığı verir və Ukraynanın bu müharibədə verdiyi qurbanları unutmayacaqlarını vurğulayıb.

