Kabulda Pakistanın aviazərbələri nəticəsində 250-dən çox insan həlak olub, 400-dən artıq şəxs yaralanıb. Bu barədə Tolo News portalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Zərbənin reabilitasiya mərkəzinə endirildiyi bildirilir. Hadisə Əfqanıstan rəhbərliyi tərəfindən kəskin şəkildə pislənib və cavab tədbirlərinin görüləcəyi vəd edilib.
Əfqanıstan rəhbərliyi bildirib ki, Kabulda reabilitasiya mərkəzinə endirilən bu zərbə cavabsız qalmayacaq.
Bazar ertəsi axşam saatlarında Kabulun müxtəlif rayonlarında partlayış və atışma səsləri barədə məlumatlar sosial şəbəkələrdə yayılmağa başlayıb. Daha sonra Əfqanıstanın ali liderinin sözçüsü Zabiullah Mujahid açıqlama verərək bildirib ki, Pakistan paytaxtda yerləşən reabilitasiya mərkəzinə aviazərbə endirib.
Onun sözlərinə görə, bu hücum ciddi nəticələr doğuracaq və Kabulun cavabı qaçılmaz olacaq.
Hazırkı gərginlik fevral ayının sonunda başlayan qarşıdurmanın davamı hesab olunur. Həmin vaxt Kabul Durand xətti boyunca Pakistan hərbçilərinə qarşı əməliyyata başlamışdı. Bu addım Pakistan Hərbi Hava Qüvvələrinin bombardmanlarına cavab kimi qiymətləndirilmişdi.
Bundan sonra İslamabad Talibanla açıq müharibə elan etdiyini bildirmişdi. Tərəflər arasında münasibətlər isə ötən ilin oktyabrında Pakistanda baş verən bir sıra terror aktlarından sonra daha da kəskinləşmişdi.

