Pakistan Ordusunun sözçüsü Əhməd Şərif Çaudri Əfqanıstan–Pakistan sərhədində dünən axşam saatlarında başlayan toqquşmalardan sonra bu gün mətbuat konfransı keçirərək son məlumatları açıqlayıb.
Onun sözlərinə görə, Əfqanıstanla yaşanan qarşıdurma nəticəsində 12 Pakistan hərbçisi həlak olub, 27 hərbçi isə yaralanıb. Çaudri bildirib ki, Pakistan ordusu Əfqanıstan ərazisində 22 hədəfə zərbə endirib.
O əlavə edib ki, hücumlar nəticəsində 83 mövqe tamamilə məhv edilib, 17 mövqe isə nəzarətə götürülüb. Rəsmi məlumatlara əsasən, 274 Taliban döyüşçüsü öldürülüb, 400-dən çoxu yaralanıb.
Pakistan Ordusunun sözçüsü həmçinin 115 tankın, zirehli personal daşıyıcının və artilleriya sisteminin məhv edildiyini bildirib.
Çaudri qeyd edib ki, əməliyyatlar Pakistanın Baş naziri Şahbaz Şərifin göstərişləri əsasında davam etdirilir.

