İspaniyanın Baş naziri Pedro Sançes Birləşmiş Millətlər Təşkilatında islahatların aparılmasının vacibliyini vurğulayıb və baş katib vəzifəsinə qadının seçilməsinin məqsədəuyğun olduğunu bildirib.
Barselonada keçirilən “Demokratiyanın müdafiəsi” konfransında çıxış edən Sançes qeyd edib:
“Hesab edirik ki, BMT-ni yeniləmək və təkmilləşdirmək vaxtıdır və niyə bu təşkilatın başında bir qadın olmasın?”
Onun sözlərinə görə, mövcud beynəlxalq idarəetmə sistemi artan təzyiqlərlə üz-üzədir, çoxtərəfli strukturlar və beynəlxalq hüquq ciddi çağırışlarla qarşılaşır.
Sançes vurğulayıb ki, bu şəraitdə yalnız mövcud institutları qorumaq kifayət deyil, onları aktiv şəkildə modernləşdirmək lazımdır.
Baş nazir həmçinin rəqəmsal idarəetmənin gücləndirilməsinin və bərabərsizliyin azaldılmasının demokratik sistemlərin möhkəmləndirilməsi üçün əsas istiqamətlərdən biri olduğunu bildirib.
Bundan əlavə, o, dezinformasiyaya qarşı mübarizəyə, nifrət yayan alqoritmlərin məhdudlaşdırılmasına və uşaqların onlayn mühitdə daha güclü qorunmasına çağırış edib.

