Ərəb ölkələrindən fərqli olaraq, İsrailə qarşı ilk gündən sərt mövqe nümayiş etdirən İspaniyanın Baş naziri Pedro Sançes ölkəsinin bu il “Avroviziya” mahnı müsabiqəsində iştirak etməyəcəyini bildirib.
Sançes İsrailin müsabiqədən kənarlaşdırılmalı olduğunu vurğulayaraq “ikili standart” məsələsinə diqqət çəkib.
“Eyni prinsiplər İsrailə də tətbiq olunmalıdır”
Pedro Sançes açıqlamasında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra “Avroviziya”dan kənarlaşdırıldığını xatırladıb.
O bildirib:
Rusiya Ukraynaya müdaxilə edəndə müsabiqədən çıxarıldı. Eyni prinsiplər İsrailə də tətbiq olunmalıdır. İkili standart ola bilməz.
“Qəzza və Livana biganə qala bilmərik”
Sançes İsrailin Qəzza və Livanda etdiklərini “soyqırım” kimi qiymətləndirib.
İspaniyanın Baş naziri qeyd edib:
Qanunsuz müharibə və soyqırım qarşısında susmaq seçim deyil. Qəzza və Livanda baş verənlərə biganə qala bilmərik. Bu, məsuliyyət və insanlıq məsələsidir.
İspaniyanın “Avroviziya”da iştirak etməmək qərarı beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub. Sançesin İsrailə yönəlik açıqlamaları və müsabiqə ilə bağlı mövqeyi müzakirələri yenidən gündəmə gətirib.
İspaniya mədəniyyət nazirindən ikili standart reaksiyası
Bundan başqa, İspaniyanın mədəniyyət naziri İsrailin “Avroviziya”da iştirakına münasibət bildirib.
Ukraynada müharibə başlayandan sonra Rusiyanın “Avroviziya”dan kənarlaşdırılması məsələsində heç bir tərəddüd göstərilmədiyini deyən Urtasun vurğulayıb ki, Avropa Yayım Birliyi Qəzzada soyqırım törədən və orada törətdiyi ağır cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsində istintaq altında olan İsrailin iştirakına icazə verməklə ikili standart tətbiq edir.
Urtasun bu ikili standartı qəbul etmədiklərini bildirib:
Mədəniyyət naziri kimi deməliyəm ki, mədəniyyətin beynəlxalq səviyyədə böyük cinayətləri ört-basdır etmək üçün istifadə olunmasını əsla qəbul etməyəcəyəm.

