Çinin Kunmin şəhərində elektrik xətlərinin yoxlanılması üçün ilan formasında robotlardan istifadə olunmağa başlanılıb.
MGR Online nəşrinin məlumatına görə, bu addım ölkədə ali məktəblərə qəbul üzrə keçirilən milli imtahanlar zamanı enerji sisteminin sabit işləməsini təmin etmək məqsədi daşıyır. Bildirilir ki, imtahan dövründə hətta qısamüddətli elektrik kəsintiləri belə nəticələrə təsir göstərə bilər.
Robotlar kamera və müxtəlif sensorlarla təchiz edilib. Bu avadanlıqlar naqillərdəki zədələri, qurğuların aşınmasını və şəbəkənin ayrı-ayrı elementlərində yaranan həddindən artıq qızmanı müəyyən etməyə imkan verir.
İlan formasında hazırlanması robotların elektrik izolyatorları da daxil olmaqla müxtəlif maneələri keçməsini asanlaşdırır. Bu isə onların çətin keçilən sahələrdə yoxlama aparmasını mümkün edir.
Tərtibatçılar hesab edirlər ki, belə robotlardan istifadə elektrik şəbəkələrinə nəzarətin effektivliyini artıracaq və texniki xidmət xərclərini azaldacaq.
Kunmində keçirilən sınaqlardan sonra bu cür qurğuların Çinin digər bölgələrində də tətbiq oluna biləcəyi gözlənilir.

