Braziliyanın bir neçə şəhərinin sakinləri ölkənin milli mülki müdafiə sistemindən “yadplanetlilərin hücumu” barədə xəbərdarlıq mesajları alıblar. Bu barədə Braziliyanın mülki müdafiə və qoruma məsələləri üzrə katibi Volney Volf bildirib.
“Agência Brasil”in məlumatına görə, hadisəyə səbəb dövlətin təcili xəbərdarlıq sisteminə haker hücumu olub. Nəticədə vətəndaşlara göndərilən bildirişlərdə onlardan guya yadplanetli hücumundan qorunmaq tələb edilib.
Bəzi mesajlarda isə orfoqrafik səhvlərin olduğu qeyd olunub.
“Diqqətli olun: yadplanetli hücumu. İnsanlar, biz gəldik”, - deyə mesajlardan birində yazılıb.
Braziliyanın Milli Mülki Müdafiə Xidməti bildirib ki, sistemə müdaxilədən sonra xəbərdarlıq sistemi müvəqqəti olaraq dayandırılıb. Qurumun məlumatına görə, saxta bildirişlər mülki müdafiə xidməti ilə əlaqəsi olmayan şəxs tərəfindən uzaqdan göndərilib.

