Hər kəs nə baş verdiyini anlamağa çalışır. Həyacanlı anlar yaşanır.
Ancaq bu görüntülər hər hansı bir hadisədən deyil, mülki müdafiə məşqindəndir.
DenMedia.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi təşkil edilib.
“Fövqəladə hadisələr zamanı ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən məşqdə FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi Vaqif Fətullayev, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, aidiyyəti qurumların rəhbər şəxsləri, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti iştirak edib. Məşqə Abşeron rayon ərazi mülki müdafiə qüvvələrinin 27 ədəd texnika və 146 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində davamlı maarifləndirmə işlərinə ehtiyac var. Məhz bununla bağlı mütəmadi təlimlər keçirilməli, vətəndaşların fövqəladə hallara hazırlıq səviyyəsi artırılmalıdır. Bundan əlavə hər bir qurumun üzərinə düşən vəzifələr dəqiq müəyyənləşdirilməli, fövqəladə hallar baş verən anlarda əlaqələndirmə mexanizmi operativ işləməlidir.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, bu tədbir Abşeron rayonunda fövqəladə hallara hazırlıqla bağlı koordinasiyanın gücləndirilməsinə, əhalinin təhlükəsizlik mədəniyyətinin formalaşmasına mühüm töhfə verəcək.