İstanbulda taksi sürücülərinin yol verdiyi qayda pozuntularının izlənilməsində artıq pilotsuz uçuş aparatlarından istifadə olunacaq. Bu barədə RİA Novosti-yə İstanbul Taksicilər Palatasının İdarə Heyətinin üzvü Güngər Petek məlumat verib.
Onun sözlərinə görə, taksi sürücüləri ilə bağlı ən çox şikayət daxil olan rayonlarda yoxlamalara PUA-lar da cəlb edilib.
“Biz mütəmadi olaraq belə qəfil yoxlamalar keçiririk. İndi isə qayda pozuntularında daha əvvəl adı hallanan avtomobilləri nömrələrinə görə daha effektiv izləmək üçün pilotsuz uçuş aparatlarından da istifadə edirik”, - deyə Petek bildirib.
Məqsəd taksi xidmətində qayda pozuntularının daha operativ aşkarlanması və şikayətlərin daha effektiv araşdırılmasıdır.

