ABŞ Prezidenti Donald Trampın oğulları Erik Tramp və Donald Tramp Jr. Qazaxıstanda volfram hasil edən şirkətdə pay alıblar. Bu barədə Financial Times mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sövdələşmə ötən ilin avqust ayında baş tutub. Qeyd olunur ki, Tramp qardaşları əvvəlcə Skyline Builders tikinti qrupunda pay əldə edib, daha sonra bu şirkət vasitəsilə Kaz Resources şirkətində 20%-lik paya sahib olublar.
Daha sonra isə Kaz Resources və onunla əlaqəli Cove Kaz Capital strukturu Skyline ilə birləşdirilib.
Yeni şirkətin Nasdaq birjasında Kaz Resources adı ilə ticarətə çıxarılması planlaşdırılır.
Bildirilir ki, birləşmə ilə bağlı yayılan rəsmi press-relizdə Tramp qardaşlarının adı çəkilməyib.
Eyni zamanda, Donald Tramp Jr.-ın nümayəndəsi onun yalnız passiv investor kimi iştirak etdiyini, şirkətin operativ fəaliyyətində yer almadığını bildirib.
Qeyd olunub ki, o, investisiyaları ilə bağlı federal qurumlarla heç bir əlaqə saxlamır.

