Fransada həbsxanalardakı məhkum sayı rekord həddə çatıb.
Le Telegramme nəşri Fransa Ədliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir ki, iyunun 1-nə olan məlumata görə, ölkə həbsxanalarında 88 829 nəfər saxlanılır.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çoxdur. Lakin məhkumların yerləşdirilməsi üçün nəzərdə tutulan yerlərin sayı cəmi 1,1 faiz artaraq 63 237-yə çatıb.
Yerlərin çatışmazlığı səbəbindən 7608 nəfər döşəmədə döşək üzərində yatmağa məcbur qalır. Bu, 2025-ci ilin iyunu ilə müqayisədə 32 faiz çoxdur.
Hesabata əsasən, Fransa həbsxanalarında ümumi doluluq səviyyəsi 140,5 faiz, istintaq təcridxanalarında isə 173,2 faiz təşkil edir.
Həbsxana direktorları həmkarlar ittifaqının baş katibi Flavi Ro bildirib ki, həddindən artıq doluluq şəraitində personal öz işini düzgün yerinə yetirə və məhkumların cəmiyyətə yenidən inteqrasiyasını təmin edə bilmir.
Fransada azadlıqdan məhrumetmə yerləri üzrə dövlət nəzarətçisi Dominik Simonno vəziyyəti “həbsxana fəlakəti” adlandırıb.
Avropa Şurası isə həbsxanaların “insan anbarlarına” çevrilməsi riski barədə xəbərdarlıq edib. BMT-nin İşgəncələrin Qarşısının Alınması üzrə Alt Komitəsi də həbsxanaların həddindən artıq dolu olmasının məhkumların fundamental hüquqlarını pozduğunu və bəzi hallarda qeyri-insani rəftar kimi qiymətləndirilə biləcəyini bildirib.
Fransa Ədliyyə naziri Jerald Darmanen məhkum sayının avtomatik tənzimlənməsi mexanizminə qarşı çıxır. Bunun əvəzinə hökumət həbsxanalarda 3 min modul yer yaratmağı planlaşdırır. Bu yerlərin yarısının 2027-ci ilədək istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd olunur ki, 2018-ci ildən bəri vəd edilən 15 min yeni həbsxana yerinin isə hələlik üçdə birindən azı istifadəyə verilib.

