ABŞ-ın müstəqilliyinin 250-ci ildönümü münasibətilə Texas ştatında keçirilən dron şousu izləyicilərin böyük marağına səbəb olub.
Tədbir Texasın North Richland Hills şəhərində təşkil edilib. Gecə saatlarında səmaya eyni anda 2500-dən çox dron qaldırılıb və onlar bir neçə dəqiqə ərzində sinxron hərəkət edərək müxtəlif fiqurlar yaradıb.
Şou zamanı ABŞ tarixi və milli simvolları işıqlar vasitəsilə səmada əks olunub. Dronlar Corc Vaşinqton, Sem dayı, keçəl qartal, kosmik raket və astronavt fiqurları formalaşdırıb.
Gecənin ən diqqətçəkən anlarından biri isə dronların səmada “I WANT USA” yazısını və ABŞ ordusunu simvolizə edən döyüş təyyarələrini canlandırması olub.
Minlərlə insan bu anları mobil telefonları ilə lentə alıb. ABC News-un yaydığı görüntülər sosial şəbəkələrdə qısa müddətdə geniş yayılıb.
Son illərdə dron şouları daha təhlükəsiz, səssiz və ekoloji baxımdan daha az zərərli olması ilə ənənəvi atəşfəşanlığa alternativ kimi təqdim olunur. ABŞ-ın 250 illik yubiley tədbirlərində də bu texnologiya əsas diqqət çəkən elementlərdən biri olub.
Sosial şəbəkə istifadəçiləri isə Texasdakı bu şounu “atəşfəşanlığın gələcəyi” adlandırıblar.






