Şahzadə Harri və həyat yoldaşı Meqan Marklın Kaliforniyadan Böyük Britaniyaya köçə biləcəyi ilə bağlı xəbərlər Montecito sakinlərinin bir hissəsi tərəfindən müsbət qarşılanıb.
The Sun yazır ki, cütlüyün qonşuları və şəhər sakinlərindən bəziləri xüsusilə Meqan Marklın yayımlanan şousundan narazı qalıblar.
Yerli sakinlərdən biri belə deyib:
“Getdiklərinə şadam. Yolları açıq olsun. Meqan şousunda mənim sevimli Butterfly Beach çimərliyimdən danışdı və hər şeyi korladı.”
Qəzetə danışan digər sakinlər isə Meqan Marklın şousunda təqdim etdiyi bəzi ideyaların başqalarından götürüldüyünü və yeni olmadığını iddia ediblər.

Onlar həmçinin ekranda göstərilən gül kompozisiyalarının və hədiyyə qutularının Meqanın özü tərəfindən hazırlanmadığını bildiriblər.
Bu arada, insayderlərin məlumatına görə, Meqan Marklın Qay Riçinin “The Gentlemen” serialının üçüncü mövsümündə rol alması ilə bağlı ilkin danışıqlar aparılır. Bununla belə, serial hələ rəsmi olaraq üçüncü mövsüm üçün yenilənməyib.
Cütlüyün Britaniyaya mümkün dönüşü ilə bağlı digər müzakirə olunan məsələ isə təhlükəsizlik xərcləridir. Bildirilir ki, onların təhlükəsizliyinin təmin olunması Britaniya vergiödəyicilərinə ildə 5 milyon funta başa gələ bilər.

