Şahzadə Harri və Meqan Markl kral ailəsi ilə illərdir davam edən münaqişənin Kral III Çarlza vurduğu mənəvi zərərə görə ictimai şəkildə üzr istəməyə hazırlaşırlar.
Daily Star mənbəyə istinadən xəbər verir ki, Sasseks hersoqu və hersoginyası monarxa hörmətlərini nümayiş etdirmək məqsədilə birgə bəyanat hazırlayırlar.
Nəşrin mənbəsinin sözlərinə görə, bu addım son beş ildə müsahibələr, Netflix layihələri və Harrinin “Spare” adlı memuarından sonra yaranmış gərgin münasibətlərin bərpasında mühüm mərhələ ola bilər.
Məlumata görə, açıq üzrxahlıq ideyası cütlüyün Böyük Britaniyaya son səfərindən sonra müzakirə olunmağa başlayıb. Həmin səfər zamanı Harri və Meqan Kral III Çarlzla onun Highgrove House iqamətgahında görüşüblər. Bu, Meqan Marklın 2022-ci ildə Kraliça II Elizabetin dəfnindən sonra Britaniyaya ilk səfəri olub.
Mənbə vurğulayıb ki, söhbət əvvəlki irqçilik və pis rəftar iddialarından imtina etməkdən getmir. Məqsəd ailədaxili münaqişənin həddindən artıq dərinləşdiyini qəbul etmək və qarşılıqlı etimadın bərpasına addım atmaqdır.

