ABŞ kəşfiyyatı İranın xaricdə fəaliyyət göstərən amerikalı diplomatlara və dövlət rəsmilərinə qarşı sui-qəsdlər planlaşdırdığını iddia edib.
Bu barədə “Axios” nəşri oktyabrın 23-də ABŞ dövlət katibi Marko Rubioya göndərilən məxfi sənədə istinadən məlumat yayıb.
Sənədə əsasən, İran Yaxın Şərqdə və digər bölgələrdə amerikalı rəsmilərə qarşı sui-qəsd hazırlıqlarını gücləndirib. İddia olunur ki, bəzi planlar artıq son mərhələyə çatıb.
ABŞ rəsmilərinin sözlərinə görə, bu məlumatlar Vaşinqtonun Yaxın Şərqdəki bir sıra səfirliklərində əməkdaşların sayını azaltmasının səbəblərindən biridir.
Vaşinqton həmçinin İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanından kənarda da hücumlar həyata keçirə biləcəyindən narahatdır.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni “Epik qəzəb” hərbi əməliyyatının keçirilə biləcəyini bildirmişdi.
“Axios” qeyd edir ki, kəşfiyyat sənədində mümkün sui-qəsdlərin konkret hədəfləri və planların təfərrüatları açıqlanmayıb.

