İranın xarici işlər naziri Abbas Araqçi Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb.
Tərəflər mümkün razılaşmanın əldə olunması yollarını müzakirə ediblər.
“The New York Times” qəzeti İran rəsmilərinə istinadən xəbər verir ki, təxminən üç saat davam edən görüş Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub. Hər iki ölkə Tehran və Vaşinqton arasında diplomatik təmasların bərpasına və gərginliyin azaldılmasına çalışır.
ABŞ Prezidenti Donald Tramp daha sonra amerikalı nümayəndələrin İran tərəfi ilə görüşünü təsdiqləyib. O, danışıqları “çox yaxşı” qiymətləndirərək yaxın vaxtlarda növbəti görüşün keçirilə biləcəyini bildirib.
Bununla yanaşı, Tramp İranın danışıqlarda ən yüksək səviyyədə təmsil olunmadığını qeyd edib.
İranın dövlət teleradio şirkətinin məlumatına görə, Araqçi görüş zamanı Hörmüz boğazının açılması üçün Tehranın irəli sürdüyü şərtləri ABŞ nümayəndələrinə çatdırıb.
Bu şərtlər arasında dəniz blokadasının dərhal aradan qaldırılması, İranın bütün dondurulmuş aktivlərinin azad edilməsi və “bütün müqavimət cəbhələrində” hərbi əməliyyatların dayandırılması yer alır.

