Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərdə “dərin parçalanma” başlayıb.
Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb. Səbəb ABŞ ilə İran arasında baş verən müharibə olub.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası yenidən alovlanan münaqişənin ciddiliyini dərhal dərk etməyib. Nəticədə Vaşinqton vəziyyətə müdaxilə etməmək qərarına gəlib.
Axios-un mənbələrinin bildirdiyinə görə, münaqişənin əvvəlində ABŞ dövlət katibi Marko Rubio Ər-Riyad və Əbu-Dabiyə bildirib ki, ABŞ müttəfiqlərdən heç birinin tərəfini tutmayacaq. Bununla belə, adı açıqlanmayan yüksək vəzifəli şəxslər Yaxın Şərqdəki münaqişə başa çatdıqdan sonra fikir ayrılıqlarının daha da dərinləşməsindən narahatdır.
Onların fikrincə, ABŞ-ın iki əsas ərəb tərəfdaşı əvvəlkindən daha da düşmən mövqeyə keçə bilər. Axios qeyd edir ki, Vaşinqton BƏƏ ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin mümkün pisləşməsini region üçün ciddi risk amili kimi qiymətləndirir.

