ABŞ Prezidenti Donald Tramp Amerika xüsusi xidmət orqanlarının Rusiya və Çin haqqında kəşfiyyat məlumatları topladığını açıq şəkildə bildirib.
Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, Tramp Moskva və Pekinin də Vaşinqtonu izlədiyini etiraf edib. Bununla belə, o, qarşılıqlı casusluq fəaliyyətini narahatlıq doğuran məsələ hesab etmədiyini vurğulayıb.
“Biri mənə dedi: ‘Cənab Prezident, Çin bizə casusluq edir’. Mən də cavab verdim: ‘Bəli, biz də onlara casusluq edirik. Bundan narahat olmayın’”, – deyə Tramp bildirib.
ABŞ liderinin sözlərinə görə, ona Rusiya və Çinin Amerika əleyhinə kəşfiyyat fəaliyyəti barədə də məlumat verilib.
“O dedi: ‘Bu, dəhşətdir, cənab Prezident. Çin və Rusiya bizə casusluq edir’. Mən isə cavab verdim: ‘Bu, doğrudur. Biz də onlara qarşı eyni şeyi edirik. Amma bunu daha yaxşı bacarırıq. Ona görə də narahat olmayın’”, – deyə Ağ Ev rəhbəri qeyd edib.
Bununla belə, Tramp ABŞ xüsusi xidmət orqanlarının Rusiya və Çindən konkret hansı məlumatları topladığını və hansı kəşfiyyat əməliyyatlarının həyata keçirildiyini açıqlamayıb.
Prezident həmçinin bu mövzunu kiminlə və nə zaman müzakirə etdiyinə aydınlıq gətirməyib.

