Amerikalı məşhur kinorejissor Maykl Mann Los-Ancelesdə atış meydançasında təsadüfən öz ayağından güllə yarası alıb.
TMZ portalının məlumatına görə, hadisə oktyabrın 31-də, şənbə günü, yerli vaxtla saat 16:00 radələrində baş verib.
Bildirilir ki, 83 yaşlı rejissor tapançasını qobura yerləşdirməyə çalışarkən silah qəfil açılıb. Nəticədə güllə onun ayağına dəyib.
Hadisə yerinə Los-Anceles polisi və təcili yardım əməkdaşları cəlb olunublar. Rejissor xəstəxanaya çatdırılıb.
Maykl Mannın nümayəndəsi bildirib ki, güllə yarası səthi olub və rejissorun həyatı üçün təhlükə yaratmayıb. Ona lazımi tibbi yardım göstərilib və xəstəxanadan buraxılması barədə məlumat verilib.
Qeyd edək ki, Maykl Mann “Sonuncu mogikan” (The Last of the Mohicans), “Qarşıdurma” (Heat), “Mayami polisi: Əxlaq şöbəsi” (Miami Vice) və “İnsan ovçusu” (Manhunter) kimi məşhur ekran əsərləri ilə tanınır.
Rejissor karyerası ərzində iki dəfə “Emmi” mükafatına layiq görülüb, həmçinin “İnsayder” (The Insider) və “Aviator” (The Aviator) filmlərindəki fəaliyyətinə görə “Oskar” mükafatına namizəd göstərilib.

