2024-cü ildə klinik tədqiqatlar əsasında aparılmış araşdırmalar göstərib ki, psixi pozuntuları olan yeniyetmələr sosial şəbəkələrdə yaşıdları ilə müqayisədə gündə orta hesabla 50 dəqiqə daha çox vaxt keçirirlər.
DenMedia.az trend-ə istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında deyib.
Onun sözlərinə görə, uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılmasında məqsəd uşaqların psixi sağlamlığının qorunması, onların zərərli məzmunlardan, cinayətkarlıq, iqtisadi asılılıq və digər mənfi təsirlərdən uzaq saxlanılmasıdır:
"Bununla yanaşı, bir çox alimlər, ekspertlər və hüquq mütəxəssisləri məhdudiyyətlərin mümkün mənfi tərəflərinə də diqqət çəkirlər. Onların fikrincə, 16 yaşına qədər uşaqların rəqəmsal mühitdən tam təcrid edilməsi müasir cəmiyyətin tələblərinə uyğun rəqəmsal bacarıqların formalaşmasına mane ola bilər.
Digər mühüm məsələ nəzarətin çətinliyidir. Təcrübə göstərir ki, uşaqlar bir çox hallarda yaşları barədə yanlış məlumat təqdim edə bilirlər və müxtəlif üsullarla tətbiq olunan məhdudiyyətləri aşmağa çalışırlar. Buna görə də texniki həllərlə yanaşı, alqoritmik və maarifləndirici yanaşmaların tətbiqi də vacib hesab olunur.
Ekspertlər qeyd edirlər ki, rəqəmsal savadlılığın artırılması, təhlükəsiz internet istifadəsi davranışlarının öyrədilməsi və psixoloji dayanıqlığın gücləndirilməsi daha effektiv nəticələr verə bilər.
Təhsil sahəsində də müəyyən tədbirlər həyata keçirilir. Hazırda Azərbaycanda məktəblərdə TikTok platformasına çıxış bloklanıb, ümumilikdə şagirdlərin internetə çıxışı filtrlənir. Terrorizm, ekstremizm, narkotik vasitələr və digər təhlükəli mövzularla bağlı resurslara giriş məhdudlaşdırılır. Ümumilikdə 200-dən artıq riskli mövzu üzrə filtrləmə tətbiq edilir.
Beynəlxalq təcrübə göstərir ki, uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması məsələsinin sadə həlli yoxdur. Bir tərəfdən, sosial şəbəkələrdən problemli istifadə depressiya, narahatlıq, aqressiya və digər mənfi nəticələrlə əlaqələndirilir. Digər tərəfdən isə sosial şəbəkələr ünsiyyət imkanları yaradır, ictimai iştirak üçün platforma təqdim edir, sosial dəstəyin əldə olunmasına kömək edir və müxtəlif qrupların öz fikirlərini ifadə etməsinə şərait yaradır.
Bu səbəbdən əsas vəzifə uşaqların təhlükəsizliyini təmin etməklə yanaşı, onların rəqəmsal dünyanın təqdim etdiyi imkanlardan faydalanmasına şərait yaratmaqdır. Bu isə yalnız dövlət qurumlarının, texnologiya şirkətlərinin, məktəblərin, valideynlərin və uşaqların birgə səyləri nəticəsində mümkün ola bilər.", - o, əlavə edib.

