Ötən il məktəbi əla qiymətlərlə bitirən 513 məzun qəbul imtahanlarında aşağı nəticə göstərib.
Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunan 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarda yer alıb.
Məlumata görə, əlaçı kimi məzun olan abituriyentlərdən 481 nəfər qəbul imtahanında 100-200 bal, 32 nəfər isə 0-100 bal aralığında nəticə göstərib.
Statistikada diqqət çəkən digər məqam isə məktəb qiymətləri ilə qəbul imtahanı nəticələri arasındakı fərqlə bağlıdır. Belə ki, orta attestat balı “3” olan bir məzun qəbul imtahanında 500-700 bal aralığında nəticə əldə edib.
DİM-in açıqladığı göstəricilər məktəb qiymətləri ilə qəbul imtahanı nəticələri arasında bəzi hallarda ciddi uyğunsuzluqların olduğunu ortaya qoyur.

