2025/2026-cı tədris ilində Azərbaycandan 81 məktəbli beynəlxalq olimpiadalarda iştirak edib.
Bu barədə Elm və Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, şagirdlər beynəlxalq intellektual yarışlarda 2 qızıl, 14 gümüş və 41 bürünc medal qazanıblar. Bundan başqa, azərbaycanlı məktəblilər 14 həvəsləndirici sertifikat əldə ediblər.
Respublika fənn olimpiadalarında 73 163 nəfər iştirak edib, onlardan 520-si qalib olub. Respublika fənn müsabiqələrində isə 41 026 iştirakçıdan 305-i qalib adına layiq görülüb.
Lütfi Zadə adına məntiq və riyaziyyat olimpiadasında 518 məktəbli iştirak edib, 68 nəfər qalib olub.
“BilBacar” müsabiqəsinə isə 1300-dən çox ümumi təhsil müəssisəsindən təxminən 160 min şagird qatılıb. Final mərhələsinin nəticələrinə əsasən, III və IV siniflər üzrə hər sinifdə 3 şagird birinci, 6 şagird ikinci, 9 şagird isə üçüncü yerə layiq görülüb.
“Sabahın alimləri” layihə müsabiqəsinin final mərhələsində təxminən 800 məktəbli 152 layihə təqdim edib. Müsabiqədə ümumilikdə 107 medal verilib: 16 qızıl, 35 gümüş və 56 bürünc.
Mükafatlar riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt istiqamətləri üzrə təqdim edilib.

