Azərbaycanda IV–VI sinif şagirdləri arasında keçirilən bilik monitorinqi təhsildə ciddi problemləri üzə çıxarıb.
DenMedia.az report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikasiya: səriştəli müəllim – keyfiyyətli təhsil” adlı tədbirdə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, bir sıra siniflərdə şagirdlərin 50 faizdən 70 faizədək hissəsi təhsil standartlarının minimum səviyyəsinə belə çata bilmir.
Əmrullayev bildirib ki, belə siniflərin sayı azı 100-dür.
“Burada söhbət ayrı-ayrı hallardan deyil, sistemli problemdən gedir. Əgər eyni vəziyyət yüzlərlə sinifdə müşahidə olunursa və minlərlə şagird zəruri bilik və bacarıqlara yiyələnə bilmirsə, bunun səbəbləri ciddi şəkildə araşdırılmalıdır. Bu barədə yalnız müəllimlər deyil, məktəblər və bütövlükdə təhsil sistemi düşünməlidir. Məqsədimiz günahkar axtarmaq və kimisə ittiham etmək deyil, hər bir şagirdin keyfiyyətli təhsil almaq imkanını təmin etməkdir”, — deyə nazir vurğulayıb.

