Sankt-Peterburq şəhər hakimiyyəti patent əsasında çalışan xarici vətəndaşların taksi sürücüsü kimi işləməsinə qadağa qoyub.
Den.az xəbər verir ki, şəhər administrasiyasının yaydığı məlumata görə, müvafiq sərəncamı qubernator Aleksandr Beqlov imzalayıb. Sənədin 10 gün ərzində qüvvəyə minəcəyi bildirilir.
Qadağa 2025-ci ilin sonunadək qüvvədə olacaq və bu müddət ərzində işəgötürənlərə üç aylıq keçid dövrü tanınıb. Bu dövr ərzində taksi şirkətlərindən patentlə işləyən miqrant sürücülərlə əmək münasibətlərinə son qoymaq və onların yerinə yeni işçilər – əsasən Rusiya vətəndaşlarını işə götürmək tələb olunur.
Şəhər rəhbərliyi bu qərarın əsas məqsədinin taksi xidmətlərinin keyfiyyətini və təhlükəsizliyini artırmaq, eyni zamanda yerli əhali üçün əlavə məşğulluq imkanları yaratmaq olduğunu bəyan edib.
Qeyd edək ki, iyulun əvvəlində şəhər parlamentinin spikeri Aleksandr Belski bu cür qadağaların əmək bazarında balanssızlığa səbəb ola biləcəyini vurğulamışdı:
“Əgər miqrantlara taksidə işləməyi qadağan etsək, şəhərətrafı bölgələrdən olan bütün işçi qüvvəsi Sankt-Peterburqa axışacaq. Kimlər tarlada işləyəcək? Hamı taksi sürəcək.”
Xatırladaq ki, 2025-ci ilin əvvəlindən Rusiya Federasiyasının 49 regionunda miqrantların bəzi sahələrdə işləməsinə müxtəlif səviyyəli məhdudiyyətlər tətbiq edilib. Bu qadağaların əsas hədəfi Özbəkistan və Tacikistandan olan əmək miqrantları olub. Qərarların verilməsi 2024-cü ilin martında “Crocus City Hall”da baş verən terror aktından sonra ölkədə artan antimiqrant əhval-ruhiyyə ilə əlaqələndirilir. Hazırda Leninqrad, Tümen, Omsk, Maqadan, Çelyabinsk və Kamçatkada da oxşar qadağalar qüvvədədir. Globalinfo.az