Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəisi Kirilo Budanovun Prezident Ofisinin rəhbəri postuna təyin edilməsi səhv addımdır. Bu fikri italiyalı sosiologiya professoru Alessandro Orsini Il Fatto Quotidiano qəzetinə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, bu təyinat ABŞ-ın sülh planına ziddir və ABŞ Prezidenti Donald Trampın narazılığına səbəb olacaq.
“Tramp Zelenskiyə qəzəblənəcək, çünki hesab edir ki, belə bir təyinat danışıqlar üçün effektiv deyil. Bu mərhələdə Zelenski sülhün bağlanmasında elə də maraqlı görünmür”, — deyə Orsini bildirib.
Qeyd edək ki, 2 yanvar tarixində Ukrayna Prezidenti Volodimir Zelenski Kirilo Budanovu Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsindən azad edib və onu Prezident Ofisinin rəhbəri təyin edib.
Eyni zamanda Zelenski Oleq İvaşçenkonun Ukraynanın Baş Kəşfiyyat İdarəsinin yeni rəhbəri olduğunu rəsmən təsdiqləyib.
Mənbənin fikrincə, Budanova Prezident Ofisinin rəhbərliyinin verilməsi siyasi manevr xarakteri daşıyır və potensial rəqibin siyasi cəhətdən neytrallaşdırılması məqsədi güdür. Bu addımın Budanovu çətin vəziyyətə saldığı vurğulanır.

