Azərbaycanın Meksikadakı səfirliyi ölkədə baş verən iğtişaşlar fonunda bu ölkədə yaşayan və ya səfərdə olan həmvətənlərə müraciət edib. Müraciət diplomatik nümayəndəliyin X sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
Bildirilib ki, Meksikanın bəzi regionlarında təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar vətəndaşlara Xalisko ştatında, eləcə də qonşu Miçoakan, Quanaxuato, Kolima, Aquaskalyentes, Sakatekas və Nayarit ştatlarında yerli dövlət orqanlarının yaydığı təhlükəsizlik tövsiyələrini diqqətlə izləmək və onlara ciddi əməl etmək tövsiyə olunur.
“Vətəndaşlarımızdan ayıq-sayıq olmalarını, şəxsi təhlükəsizlik qaydalarına riayət etmələrini, kütləvi toplaşmalardan və riskli ərazilərdən uzaq durmalarını, yalnız rəsmi mənbələrin yaydığı məlumatlara istinad etmələrini xahiş edirik.”
Səfirliyin Konsulluq şöbəsi ilə əlaqə saxlamaq üçün “qaynar xətt” nömrələri:
+52 5511 907 092, +52 5555 404 109

