İspaniyanın keçmiş baş naziri Xose Luis Rodriges Sapatero təsir alveri və digər cinayətlərdə şübhəli bilinir.
Bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, məhkəmə Plus Ultra işi çərçivəsində Sapateronun mümkün rolunu araşdırır. Söhbət 2021-ci ildə, COVID-19 pandemiyasının ən ağır dövründə eyniadlı İspaniya aviaşirkətinə ayrılan dövlət yardımından gedir.
Həmin vaxt Plus Ultra aviaşirkəti dövlət holdinqi SEPI vasitəsilə 53 milyon avro, yəni təxminən 62 milyon dollar yardım alıb.
İstintaq bu yardımın qanuni və düzgün qaydada təsdiqlənib-təsdiqlənmədiyini araşdırır. Reuters qeyd edir ki, o dövrdə bəzi ispan siyasətçilər bu dəstəyə qarşı çıxmışdılar. Onlar aviaşirkətin zəif maliyyə göstəricilərini, strateji əhəmiyyətinin şübhəli olmasını və venesuelalı səhmdarlarla əlaqələrini əsas gətirirdilər.
Bundan başqa, Sapateronun Venesueladakı işgüzar əlaqələri, o cümlədən Madrid və Karakas arasında vasitəçi rolunda çıxış etməsi uzun müddətdir siyasi opponentlərin tənqidinə səbəb olur.
Mayın 19-da polis Sapateronun Madriddəki ofisində və onunla əlaqəli daha üç obyektdə axtarış aparıb.
Keçmiş baş nazirin 2 iyunda ifadə vermək üçün çağırıldığı bildirilir.

