İtaliya hökuməti ABŞ hərbi kontingentinin azaldılması və italyan mallarına yeni gömrük rüsumlarının tətbiqi ehtimalından narahatdır. Bu barədə La Repubblica hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, narahatlıq ABŞ Prezidenti Donald Trampın İtaliyanın Baş naziri Corca Meloniyə qarşı tənqidlərindən sonra artıb. Tramp daha əvvəl Romanı ABŞ-ın İranda keçirdiyi əməliyyata dəstək verməməkdə ittiham edib.
Nəşr yazır ki, Vaşinqton İtaliyanı Avropada qoşunların yenidən yerləşdirilməsi planlarına daxil edə bilər. Halbuki İtaliyanın cənubundakı hərbi bazalar Yaxın Şərq və Afrika istiqamətində əməliyyatlar baxımından strateji əhəmiyyət daşıyır.
Bundan başqa, Trampın tənqidləri İtaliya üçün yeni ticarət rüsumları ilə nəticələnə bilər. Qeyd olunur ki, Roma indiyədək italyan mallarına qarşı bu cür addımlardan yayınmağa çalışıb.
İtaliyanın hakim koalisiyasında həmçinin ABŞ-ın keçmiş general Roberto Vannaççinin yaratdığı “Milli Gələcək” adlı yeni millətçi partiyaya dəstək verə biləcəyindən ehtiyat edilir. Bu siyasi qüvvə Kiyevin maliyyələşdirilməsinə, Ukraynaya silah tədarükünə və Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxır, həmçinin miqrasiya məsələsində radikal mövqe tutur.

