İtaliyanın Baş naziri Corca Meloni ABŞ Prezidenti Donald Trampın onunla bağlı açıqlamalarını “davamlı və səbəbsiz hücumlar” adlandırıb.
Meloni bildirib ki, onun siyasi populyarlığı Tramp ilə münasibətlərindən yox, İtaliyanın milli maraqlarını müdafiə etməsindən asılıdır.
“Populyarlığıma gəlincə, sizin dostunuz olmaq ona qətiyyən kömək etmədi və bu, mənim sizinlə münasibətlərimdən asılı deyil”, - deyə Meloni qeyd edib.
İtaliya baş naziri həmçinin ölkədəki Amerika hərbi bazaları məsələsinə də toxunub. Onun sözlərinə görə, ABŞ-ın İtaliyadakı hərbi bazaları qüvvədə olan razılaşmalar əsasında fəaliyyət göstərir və Roma bu öhdəliklərə əməl edir.
Meloni əlavə edib ki, o, baş nazir olduğu müddətdə bu qaydaların yenidən nəzərdən keçirilməsi nəzərdə tutulmur.
Qeyd edək ki, Tramp və Meloni arasında son günlər açıq siyasi gərginlik yaşanır. Tramp İtaliya baş nazirinin G7 sammitində onunla şəkil çəkdirmək istədiyini iddia edib, Meloni isə bu sözləri “tamamilə uydurma” adlandırıb.

